Gəncədə dini konfessiya nümayəndələrinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsi, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatı, Regional Mədəniyyət İdarəsi və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Heydər Əliyev irsində vətən, din və milli kimlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, dini konfessiya nümayəndələri, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Ulu Öndərin Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub. Daha sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması istiqamətində gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması istiqamətindəki tarixi xidmətlərindən bəhs olunub.





