Gədəbəy rayonunda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Mayın 29-da Gədəbəy rayonunun Novoivanovka kənd tam orta məktəbində 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Elm və Təhsil Nazirliyinin regional təhsil idarələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, məktəbin direktor müavini Sənhan Hümbətov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuş və bununla da Şərqdə ilk demokratik respublika qurulub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bildirilib ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında xalq cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin qorunması və möhkəmləndirilməsini uğurla həyata keçirir.
