Füzuli rayonunda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib
Dekabr ayının 21-də Füzuli rayonunda “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ülkər Bayramlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, Gənclər evinin direktoru Seyfəddin Maqsudov, Horadiz şəhər “Əhli-Beyt” məscidinin imam müavini Tahir Həsənov, dini icmaların sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
DQİDK-nın bölgə şöbəsi və RİH-in birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dini radikalizmə qarşı mübarizədə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb. Həmçinin məktəblilərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ruhunda tərbiyə edilməsi, vətənpərvər gənclər kimi formalaşmasının zəruriliyi diqqətə çatdırılıb. Onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyi qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
