DSX-nın Göytəpə şəhərindəki hərbi hissəsində maarifləndirmə tədbiri keçirilib
Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Dövlət Komitəsinin nümayəndələri və din xadiminin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Çıxışlar zamanı dini radikalizmin mahiyyəti, onun milli təhlükəsizliyə və ictimai sabitliyə yaratdığı təhdidlər barədə məlumat verilib. Gənc hərbi qulluqçular arasında radikal təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Natiqlər dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını, əsl İslamın sülh, mərhəmət və ədalət dini olduğunu vurğulayıblar. Bildirilib ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir ölkədir və din dövlətdən ayrı olsa da, dini dəyərlərə yüksək hörmət göstərilir.
Sonda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.


