“Dinin mahiyyəti: sülh, mərhəmət və mənəviyyat” mövzusunda seminar-treninq keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində tabe qurumlarda mütəmadi olaraq seminar-treninqlər təşkil olunur, aktual mövzular üzrə maarifləndirmə işi aparılır.
Növbəti görüş Mühafizə alayında müddətli həqiqi hərbi xidmət keçən əsgərlərlə “Dinin mahiyyəti: sülh, mərhəmət və mənəviyyat” mövzusunda keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları mövzu ətrafında çıxışlar edib.
Bu qəbildən olan tədbirlərin əhəmiyyəti vurğulanaraq, dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və onların təhlükəsi haqqında ətraflı məlumat verilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb, bu sahədə əmin-amanlığın, sabitliyin təmin edilməsi məqsədi ilə dövlətimiz tərəfindən görülən mühüm və ardıcıl işlər barədə söhbət açılıb.
Məkrli məqsədlərinə nail olmaq üçün cəmiyyət arasında dini, milli və məzhəb ayrı-seçkiliyi salaraq mövcud toplumu parçalamağı rəhbər tutan və xarici dini mərkəzlərə bağlı olan qeyri-ənənəvi dini cərəyanlar, radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması, onların zərərli təbliğatına qarşı fəal şəkildə mübarizə aparılması üçün cəmiyyətimizdə maarifləndirmə işlərinin mütamadi görülməsinin zəruriliyi vurğulanıb.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



