Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.03.2016 / Bölgə xəbərləri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə respublikamızda maarifləndirmə tədbirləri davam etdirilir

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Mingəçevir kənd “Cümə” məscidi dini icmasının həyata keçirdiyi “Dindarların radikal təsirlərindən qorunması” layihəsi çərçivəsində Mingəçevir şəhərində “Dini ekstremizm və onun fəsadları” mövzusunda ilk maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşları, dini icmanın sədri Yusif Yusifov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, din xadimləri, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev layihə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, keçiriləcək bütün tədbirlərə DQİDK tərəfindən lazımi köməkliklərin göstəriləcəyini bildirib. Daha sonra çıxış edən Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvü Allahverdi Əliyev dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Bundan başqa “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşviq Nəcəfov mövzu ilə bağlı ətraflı çıxış edərək, dini ekstremizm, dini ifratçılıq və dini ekstremist şəxslər və onlarla dini maarifləndirmə vasitəsilə mübarizə üsulları barədə fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Tədbirdə, eyni zamanda Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdirinin müavini Sahib Əliyev, Mingəçevir kənd “Cümə” məscidi dini icmasının üzvü Rəfael İsmayılov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxış edən natiqlər, dini ekstremizmin fəsadlarından, gəncləri qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremistlərin təsirinə düşməkdən çəkindirmə yollarından bəhs ediblər.Çıxışlardan sonra tədbir iştirakçılarına müxtəlif dini təyinatlı ədəbiyyatlar, qəzet və jurnallar paylanılıb. Tədbirin sonunda çıxış edən Mingəçevir kənd “Cümə” məscidi dini icmasının sədri Yusif Yusifov özü və tədbir iştirakçıları adından möhtərəm Prezidentimiz İlham Əliyevə təşəkkürünü bildirərək, inanclıları Azərbaycan dövləti və onun Prezidentinin ətrafında sıx birləşməyə çağırıb.
                                                                                              ****
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər Kotec qəsəbə məscidi tərəfindən "İslamda valideyn-övlad münasibətləri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev və dini icmanın sədri Mirfəyaz Fəttayev, dindarlar, qəsəbə sakinləri, o cümlədən gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icma sədri M. Fəttayev son dövrlərdə dövlətin dinə və dindarlara yüksələn xətlə inkişaf edən müsbət münasibətindən, yeni tikilən ibadət yerlərindən və ölkə Prezidentinin Sərəncamı ilə dini icmalara ayrılan maliyyə vəsaiti ilə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev ölkəmizdə qeyri-ənənəvi dini cərəyanların təbliğatından və bunun fəsadlarından danışıb.