Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.05.2024 / Bölgə xəbərləri

Dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Nic qəsəbəsində Pasxa qeyd edilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Alban-udi xristian dini icmasının birgə təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə mayın 5-də Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər.
Cotari kilsəsində dini konfessiyaların nümayəndələri xalqımızın birliyi üçün dualar ediblər, şəhidlərin xatirəsini rəhmətlə anıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxışı zamanı dini konfessiya nümayəndələrinin iştirakı ilə Pasxa bayramının Nic qəsəbəsində qeyd edilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb, bunu Azərbaycandakı dini həmrəyliyin bariz nümunəsi adlandırıb. Komitə rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda respublikamızda mövcud olan tolerantlıq, birgəyaşayış ənənələri barədə bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb və bu dəyərləri inkişaf etdirmək üçün qarşımızda yeni tapşırıqlar qoyub. “Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda mövcud olan bu müxtəliflik bizim zənginliyimizdir.”-, deyə S. Heydərov əlavə edib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Pasxa bayramı münasibətilə təbriklərini çatdırıb, bu səfərin ölkəmizdəki tolerant və multikultural dəyərlərin təbliği baxımından da əhəmiyyət daşıdığını bildirib.
Alban-udi xristian dini icmasının sədri Robert Mobili və digərləri çıxışlarında vurğulayıblar ki, dövlət başçısının müvafiq sərəncamları ilə dini icmaların fəaliyyətini dəstəkləmək məqsədi ilə maliyyə yardımının ayrılması ölkə rəhbərliyinin bütün dinlərin nümayəndələrinə diqqət və qayğısının bariz nümunəsidir.
Qeyd edək ki, bayram tədbirində tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da iştirak ediblər. Tədbir çərçivəsində kilsənin həyətində birgəyaşayış mövzusuna həsr olunmuş sərgi nümayiş etdirilib.