Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.07.2026 / Bölgə xəbərləri

Daşkəsəndə gənclərin sosial mediada təhlükəsizliyi mövzusu müzakirə olunub

İyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsi, Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin əməkdaşı Kənan Əliyev, Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Mirzəkərim Tağıyev və tibb işçiləri iştirak ediblər.

Çıxışlarda sosial media platformalarında dini radikalizm, ekstremizm və yad ideoloji təsirlərin yayılma üsulları, bu cür təhlükələrin qarşısının alınmasında maarifləndirmənin rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, gənclərin rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinə yiyələnməsi, informasiyanı tənqidi təhlil etməsi və zərərli ideoloji təsirlərdən qorunması cəmiyyətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişdirilməsinin, sağlam dini düşüncənin formalaşdırılmasının və sosial mediadan məsuliyyətli istifadənin vacibliyi vurğulanıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.