Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.08.2026 / Bölgə xəbərləri

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri təşkil edilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında cari il üzrə imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Avqustun 19-da 4 və 5 saylı cəzaçəkmə müəssisələrində, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə və Lənkəran Penitensiar Müəssisəsində “Dinin insanın mənəvi inkişafındakı rolu” və “Mənəvi boşluq və onun fəsadları” mövzularında növbəti maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, Lənkəran-Astara regional bölməsinin baş məsləhətçisi Emin Həmidli, din xadimləri - Əli Şərbətov, Vidadi Səmədov, Amid Bağırov və Penitensiar Xidmətin əməkdaşları iştirak ediblər.

Çıxışlarda dinin mahiyyətinin düzgün dərk edilməsinin insanda formalaşdırdığı yüksək mənəvi keyfiyyətlərdən, zərərli vərdişlərdən və yad ideologiyaların təsirindən qorunmağın vacibliyindən bəhs olunub. Dini etiqad azadlığının insan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olduğu, dinin insanın əxlaqi dəyərlərinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda, müvafiq Tədbirlər Planına uyğun olaraq, maarifləndirici tədbirlərin  mütəmadi şəkildə davam etdiriləcəyi bildirilib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və məhkumları maraqlandıran suallar cavablandırılıb.