Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.06.2023 / Bölgə xəbərləri

Cəlilabadda din xadimləri ilə görüş keçirilib

İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov Cəlilabad rayonunda fəaliyyət göstərən din xadimləri ilə görüşüb.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Rayon İcra Hakimiyyəti başçısının (RİH) birinci müavini Qalib Xudaverdiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Vahid Mirzəyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli və Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov iştirak ediblər.

Dini durum barədə ətraflı məlumat verən RİH-in birinci müavini Qalib Xudaverdiyev görüşün din xadimlərinin gələcək fəaliyyəti baxımından mühüm məqam olduğunu söyləyib.

Komitə sədrinin müavini Səyavuş Heydərov dini, milli-mənəvi dəyərlərimizin qorunması, İslamın düzgün təbliği, xüsusilə gənclər arasında maarifləndirmə və xarici qüvvələrin radikal meyilli təsirlərinin qarşısının alınması sahələrində din xadimlərinin üzərinə düşən vəzifənin önəmi barədə danışıb. Vurğulayıb ki, din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı mübarizə istiqamətində din xadimlərinin  üzərinə də böyük məsuliyyət düşür. Din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmaları xüsusi əhəmiyyət kəsb edir.  

Çıxış edən din xadimləri milli-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı dövlətin həyata keçirdiyi genişmiqyaslı işlərin inanclı insanlar tərəfindən məmnunluqla qarşılandığını bildiriblər.

Daha sonra rayonda dini sahə ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.