Cəlilabadda "Ailə institutu və din" mövzusu müzakirə olunub
Oktyabrın 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə institutu və din” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Masallı regional bölməsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliyaxanım Sadatova, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, xalqımızın çox zəngin milli-dini, mənəvi-əxlaqi dəyərləri, ailə ənənələri var. Qeyd edilib ki, bu, ailədaxili münasibətlərin, o cümlədən, əxlaqi, mənəvi dəyərlərin formalaşmasında, uşaqlarda dərin tərbiyəvi xarakterin yaranmasında özünü göstərir. O da vurğulanıb ki, Azərbaycan xalqının milli, mədəni, ailə dəyərlərinin formalaşmasında İslam dininin rolu böyükdür.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Ailə dəyərləri” sənədli filmi nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.


