Cəlilabadda “Ailə dəyərləri: Əxlaq, adət-ənənə və nəsillərarası bağlar” mövzusunda tədbir keçirilib
İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi və Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri: Əxlaq, adət-ənənə və nəsillərarası bağlar” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Sadatova, Cəlilabad RİH-nin Humanitar şöbəsinin baş məsləhətçisi Varid Əsgərov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayon sektorunun əməkdaşı Salamat Nəcəfov, həmçinin Cəlilabad şəhərindən olan şagirdlər, müəllimlər və din xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları çıxışlarında ailə institutunun cəmiyyət üçün vacibliyindən, ailə dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, milli-mənəvi, o cümlədən dini-əxlaqi dəyərlərin yaşadılması və yad ideologiyaların təsirindən qorunması müasir dövrün əsas çağırışlarındandır.
Çıxış edənlər, Prezident İlham Əliyevin fikirlərinə istinad edərək vurğulayıblar ki, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bildirilib ki, ailə cəmiyyətin əsasını təşkil edən “kiçik dövlət” kimi sağlam nəsillərin formalaşmasında mühüm rol oynayır.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.



