Bölgələrdə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbirlər keçirilib
Fevralın 8-də Siyəzən şəhər R.Ramazanov adına 5 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon üzrə Təhsil Sektorunun nümayəndəsi Xalidşah Qədəşov, Siyəzən şəhər R.Ramazanov adına 5 saylı tam orta məktəbin direktoru Əsli Dadaşova, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, əsasən gənclərin radikalizm və ekstremizmin təsir dairəsinə düşmək ehtimalı nəzərə alınaraq, keçirilən maarifləndirmə tədbirlərinə şagird və tələbələrin cəlb olunması daha vacibdir.
***
Eyni mövzuda daha bir tədbir fevralın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş Rayon Peşə Məktəbində keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş Rayon Peşə Məktəbinin kollektivi, Ağdaş Rayon Gənclər və İdman idarəsinin rəis müavini Samir İsrəfilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, dini icma sədrləri və rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə əvvəlcə qardaş Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzunun əhəmiyyətindən bəhs olunub, dini radikalizm və ekstremizmə qarşı ən effektiv vasitənin maarifləndirmə tədbirlərinin olduğu qeyd edilib, milli-mənəvi dəyərlərimizin önəmindən bəhs olunub. Bildirilib ki, məhz bu dəyərlərə sahib çıxan cəmiyyət arasında dini radikal və ekstremist fikirlər özünə yer tapa bilmir.
Çıxış edən digər natiqlər Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin bu gün cənab İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirildiyini, din sahəsinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd ediblər. Onlar son dövrlərdə bu problemin həlli istiqamətində dövlət və ictimai qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsindən, maarifləndirmə işlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsindən də danışıblar.
Mövzu ətrafında çıxış edənlər dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərimizin təbliği, multikultural ənənələrimizin inkişafının əhəmiyyətindən bəhs ediblər.




