Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.11.2025 / Bölgə xəbərləri

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri tərəfindən “Uşaq hüquqları aylığı” çərçivəsində regionlarda maarifləndirici tədbirlər təşkil edilib.

Lənkəran rayonu:

Oktyabrın 30-da Lənkəran rayonu Sütəmurdov kənd tam orta məktəbində tədbir baş tutub. Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşı Emin Həmidli, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, din xadimləri, ictimaiyyət nümayəndələri, müəllimlər və məktəblilər iştirak ediblər.

Cəbrayıl rayonu:

Oktyabrın 29-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusunda baş tutan tədbirə DQİDK-nın Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, din xadimləri, məktəblilər və ictimaiyyət nümayəndələri qatılıblar.

Qax rayonu:

Qax şəhər Etibar Babayev adına 4 №-li tam orta məktəbdə “Erkən nikah və onun uşaq hüquqlarına təsiri” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nin Zaqatala regional bölməsinin əməkdaşı Tərlan Nəzərov, Rayon Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Aytən Murquzova, gənclər və məktəblilər iştirak ediblər.

Quba rayonu:

Noyabrın 4-də Quba rayonu Bağbanlı qəsəbəsində “Uşaq hüquqları: bərabər imkanlar və inklüziv cəmiyyət” mövzusunun müzakirəsinə İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Cahid Mustafayev, Komitənin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, müəllimlər və məktəblilər qatılıblar.

Qusar rayonu:

Noyabrın 5-də Qusar rayonu Urva kənd tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların uşaqların həyatına və hüquqlarına mənfi təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamran Sədullayev, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, gənclər və yeniyetmələr iştirak ediblər.

Çıxışlarda uşaqların hüquq və vəzifələrindən danışılıb. Uşaqların mənəvi dəyərlər əsasında vətənpərvərlik ruhunda tərbiyə edilməsinin önəmi vurğulanıb. Gənclərin və uşaqların düzgün dini-mənəvi tərbiyəsinin əhəmiyyəti qeyd olunub. Belə tədbirlərin onların sağlam inkişafına, eləcə də cəmiyyətin gələcək nəsillərinin formalaşmasına töhfə verdiyi vurğulanıb.