Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.07.2025 / Bölgə xəbərləri

Bölgələrdə müxtəlif mövzularda maarifləndirmə tədbirləri keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə ölkənin müxtəlif bölgələrində aktual mövzularda maarifləndirmə tədbirləri keçirilib.

İyulun 10-da Saatlı rayonunda “Korrupsiya və onun hüquqi nəticələri: qanunvericilikdəki əsas prinsiplər” mövzusunda tədbir baş tutub. Görüşdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İyulun 10-da Şəki şəhəri mərkəzi “Cümə” məscidində “Radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov , din xadimləri və dini icma sədrləri iştirak ediblər.

İyulun 9-da Zərdab rayon Mədəniyyət Mərkəzində “Sağlam ailənin sirləri: sevgi, hörmət və dəstək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elə həmin gün Goranboyda “Radikal dini cərəyanların gənclərə təsiri: Necə qorunmalı” mövzusu müzakirə olunub. Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Vüsal Hüseynli və gənclərin iştirakı ilə keçirilən tədbirdə bu sahədə maarifləndirmənin əhəmiyyətinə diqqət çəkilib.

İyulun 8-də isə Qobustan rayonu Cəyirli kəndində yerləşən “İmam Zaman” məscidində “Məhərrəmlik: keçmişdən günümüzə” mövzusunda tədbir keçirilib. Görüşdə Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Nahid Babaşov, Qobustan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Amil Vəzirli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, bu cür tədbirlər cəmiyyətin dini maarifləndirilməsi, eləcə də gənclərin milli və mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılması məqsədi daşıyır. Vurğulanıb ki, keçirilən görüşlər və seminarlar regionlarda ictimai fəallığı artırmaqla yanaşı, milli-mənəvi dəyərlərin təbliği baxımından da əhəmiyyətli rol oynayır.

Sonda iştirakçıların sualları cavablandırılıb.