Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin və Siyəzən Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin böyük bəlası kimi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Gündüz Səmədli, Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Qumru Səlimova, Rayon Polis Şöbəsinin rəisi Xaqani Məmmədov, RİH-nin əməkdaşı Günel Ağayeva və rayon ictimaiyyəti iştirak edib.
Çıxışlarda bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamətlərdən biri narkomaniya ilə mübarizədir. Qeyd edilib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadiyyata ciddi zərbə vurur.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və zərərli vərdişlərin fəsadları barədə ətraflı müzakirələr aparılıb.
***
Dekabrın 26-da daha bir tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon Mərkəzi Kitabxanası və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunmasının əsas təminatları” mövzusunda Siyəzəndə keçirilib.
Çıxışlarda bildirilib ki, respublikamızda etnik, dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, bütün insanlar üçün bərabər imkanlar və şərait yaradılıb, insan hüquqlarının və azadlıqlarının təminatı sahəsində mühüm işlər həyata keçirilib. Qeyd olunub ki, əhalinin müxtəlif sosial qruplarının, o cümlədən yetkinlik yaşına çatmayanların, əlilliyi olan şəxslərin, gənclərin hüquqlarının müdafiəsi istiqamətində dövlət qurumları və vətəndaş cəmiyyəti birgə əməkdaşlıq etməlidir.
***
Dekabrın 26-sı DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsi, Naftalan Şəhər İcra Hakimiyyəti, Naftalan şəhər Mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə şəhər Səməd Vurğun adına 2 nömrəli orta məktəbdə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Samir Qocayev, dini qurumlarla işin təşkilatçısı Ülfət Əliyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı uşaqların doğulanadək cinsinin seçilməsinin qarşısının alınması, ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına üstünlük verilməsinin azaldılması, cəmiyyətdə gender bərabərliyinin önəmi, selektiv abortun qanuni, tibbi və dini cəhətdən qadağa və zərərləri vurğulanıb.
***
Dekabrın 28-də Ucar Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Gənclərin zərərli vərdiş və aslılıqlardan qorunması" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, RİH-nin əməkdaşı Xəyyam Səmədzadə, polis əməkdaşları, gənclər, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, zərərli vərdişlərə qarşı mübarizədə səmərəliliyin artırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışılıb.




