Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən ölkənin müxtəlif regionlarında gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, dini radikalizmə qarşı mübarizə və multikulturalizm ideyalarının təbliği məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində gənclər arasında sağlam düşüncə tərzinin formalaşdırılması, yad dini ideologiyaların təsirlərindən qorunma və ölkəmizin zəngin tolerantlıq ənənələrinin gələcək nəsillərə ötürülməsi əsas hədəf kimi müəyyən edilib.
Aprelin 21-də Qax Peşə Liseyində “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, gənclər, müəllimlər və şagirdlər iştirak ediblər. Dini fanatizmin, radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar barəsində tədbir iştirakçılarına geniş məlumat verilib. Eyni zamanda, gənclərin radikal və ekstremist ideologiyalardan uzaq tutulmasının, sağlam düşüncə tərzinin formalaşdırılmasının və milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsinin vacibliyindən bəhs edilib.
Aprelin 21-də Ağsu şəhərindəki Polad Mirzəyev adına 5 nömrəli tam orta məktəbdə “Mənəvi dəyərlər kontekstində erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, rayon Gənclər və İdman sektorunun əməkdaşı Seyran Dəmirov, habelə məktəbin müəllim və şagird heyəti iştirak edib. Görüş zamanı natiqlər mövzunun aktuallığına toxunaraq, erkən nikahın yaratdığı sosial, psixoloji və mənəvi problemlər barədə ətraflı məlumat veriblər. Milli-mənəvi dəyərlərin qorunması və gənclərin bu mövzuda maarifləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Aprelin 20-də Lerik rayonu Cəngəmiran kənd tam orta məktəbində “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda baş tutan tədbirdə isə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşı Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülvi Musayev, müəllimlər və şagirdlər iştirak ediblər. Çıxışlar zamanı radikal dini cərəyanların mahiyyəti, psixoloji təsir üsulları və sosial mediada dini radikalizmin yayılmasına qarşı mübarizə metodları barədə məlumat verilib. Yad dini ideologiyalardan qorunmanın vacibliyi qeyd edilərək xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Aprelin 17-də Quba şəhərində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Multikultural dəyərlər və dini memarlıq: Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri qatılıblar. Tədbir çərçivəsində iştirakçılar Quba rayonunun memarlıq irsinin mühüm nümunələrindən sayılan tarix və dini-mədəniyyət abidələri ilə yaxından tanış olublar. Eyni zamanda, tarixi-dini abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilib.





