Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib
Aprelin 8-də Gədəbəy rayonunun Novosaratovka kənd tam orta məktəbində “Ailə dəyərləri və erkən nikahın sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Qazax-Tovuz regional bölməsinin məsləhətçisi Cavid Səfərov, rayon Gənclər və İdman sektorunun müdiri Röyal İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Daha bir tədbir aprelin 10-da Naftalan şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə “Aprel döyüşləri və gənclərin vətənpərvərlik tərbiyəsi” mövzusunda təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, Naftalan şəhər məscidinin imamı Rəşad Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Aprelin 13-də isə Şəki şəhəri 11 nömrəli tam orta məktəbində “Təhsildən yayınmanın mənəvi və sosial nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, müəllimlər və şagirdlər qatılıblar.
Tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin maarifləndirilməsi və onların sosial-mənəvi dəyərlər barədə məlumatlandırılması olub. Həmçinin milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi və vətənpərvərlik ruhunun artırılması diqqət mərkəzində saxlanılıb. Bu təşəbbüslər sağlam və güclü cəmiyyətin formalaşmasına töhfə vermək məqsədi daşıyır.


