Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
İyun 2-də Ucar şəhər 4 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ), Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar sektorluğu, Səhiyyə Şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya və onun psixoloji səbəbləri" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH Aparatı başçısının müavini Aidə Qəhrəmanova, aidiyyatı qurumların əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.
Gədəbəy rayon Peşə Liseyində DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsi, Gədəbəy RİH və YAP rayon təşkilatının “Narkomaniyaya qarşı mübarizədə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda birlikdə ərsəyə gətirdikləri tədbirə Komitənin əməkdaşı Cavid Səfərov, YAP-ın nümayəndəsi Xəyyam Vəliyev, Peşə Liseyinin direktor müavini Araz Ələkbərov və gənclər qatılıblar.
Tədbirlərdə narkomaniyanın yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirici çıxışlar olub. Eyni zamanda narkomaniyaya qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən və ictimai qınağın vacibliyindən bəhs edilib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
***
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Beyləqan Peşə məktəbinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalət oğlu, Elvin İbrahimov, Beyləqan rayon Peşə məktəbinin psixoloqu Sənani Umudov, məktəbin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə olduğu vurğulanıb, milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib. O da bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsində böyük zəhməti olan gənc nəslin yetişdirilməsində məhz milli dəyərlərə bağlılıq əsas rol oynayıb. Həmçinin bu sahə üzrə dövlətin həyata keçirdiyi gənclər siyasətinin əhəmiyyətindən və uğurlarından danışılıb. Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən mənfi amillərlə mübarizə üsulları qeyd edilib. Sonda məktəblilərin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.



