Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Qəbələ rayon Hacıalılı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Vətənpərvərlik: milli-mənəvi dəyərlər kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Şükür Ağakərimov, rayonun din xadimləri və şəhid ailələri iştirak ediblər.
Çıxışlarda Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin roluna toxunulub. Eyni zamanda Aprel döyüşləri və 44 günlük müharibədə qazandığımız zəfərlərdən bəhs olunub.
Daha bir maarifləndirmə tədbiri Saatlı rayonunda baş tutub. Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon Gənclər və İdman İdarəsi və rayon Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda keçirilən tədbirə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, kollecin müəllim və tələbələri qatılıblar.
Çıxışlar zamanı bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub. O da qeyd edilib ki, dünyada qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır.
Mayın 5-də Ucar rayonu Təzə Şilyan tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə "Zərərli vərdişlərin fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəis müavini Oruc Əzizov, aidiyyəti qurumların nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən danışılıb, şagirdlərə belə vərdişlərdən uzaq durmaq, vətənpərvər olmaq, sağlamlıqlarını qorumaq barədə tövsiyələr verilib.



