Bölgələrdə “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri və yerli müvafiq qurumların birgə təşkilatçılığı ilə "İnsan hüquqları aylığı" çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri keçirilib.
Mayın 19-da Şəmkir rayonunun Söhrab Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində “İnsan hüquqları kontekstində etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.
Mayın 19-da Beyləqan rayonunun Dünyamalılar kənd məktəbində "İnsan hüquqları aylığı" çərçivəsində “Dünyəvi dövlət modelində dini həmrəylik” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov, müəllimlər və şagirdlər iştirak ediblər.
Mayın 19-da Oğuz rayonunun Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbində isə “İnsan hüquqları kontekstində etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun məsləhətçisi Əhməd Ağababayev, müəllimlər, gənclər və şagirdlər iştirak ediblər.
Mayın 21-də Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində “Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda seminar keçirilib. Tədbirə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müəllimlər və şagirdlər qatılıblar.
Mayın 21-də İmişli şəhəri N.Nərimanov adına 1 saylı məktəb-liseyində “İnsan hüquqları aylığı” çərçivəsində “Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Mayın 22-də Daşkəsən rayonunda “Dini dözümlülüyün təbliğində təhsilin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Şahmar Verdiyev, Daşkəsən RİH başçısı Aparatının əməkdaşı Elmar Əliyev, ziyalılar və gənclər iştirak ediblər.
Mayın 22-də Xaçmaz şəhərində “Dini radikalizm və insan hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Quba-Xaçmaz regional bölməsinin müdir müavini Fərid Məmmədov, rayon Gənclər və İdman sektorunun əməkdaşı Nizami Mustafayev, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda insan hüquqlarının qorunmasının, xüsusilə vicdan və etiqad azadlığının təmin edilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, Azərbaycanda multikultural və tolerant mühitin formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tədbirlərdə dini radikalizmin və ayrı-seçkiliyin qarşısının alınmasında maarifləndirmənin, xüsusilə gənclərin düzgün dini və mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, təhsilin dini dözümlülüyün təşviqində, milli-mənəvi dəyərlərin qorunmasında və cəmiyyətdə qarşılıqlı hörmət mühitinin gücləndirilməsində mühüm vasitə olduğu qeyd edilib.
Tədbirlər iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.






