Bölgələrdə Dövlət Suverenliyi Günü ilə bağlı tədbirlər keçirilib
Sentyabrın 17-də Azərbaycanın müxtəlif bölgələrində 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı maarifləndirici tədbirlər keçirilib.
Saatlı rayonun M. Mirzəliyeva adına Sarıcalar kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dövlət suverenliyi – milli və dini həmrəylik kontekstində” mövzusunda tədbir təşkil olunub. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Əmrah Əhmədov, rayon “Fatimeyi-Zəhra” məscidinin dini icma sədri və imamı Mahir Abıyev, həmçinin müəllim və şagirdlər iştirak ediblər.
Qax rayonunda da Dövlət Suverenliyi Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki-Zaqatala regional bölməsinin baş məsləhətçisi Tərlan Nəzərov, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fərid Muradov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Elvin Həsilov, eləcə də təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Goranboy rayonunda Xanqərvənd kənd Mirzə Məmmədov adına tam orta məktəbində “Dövlət suverenliyi – milli və dini həmrəylik kontekstində” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Vüsal Hüseynli, RİH başçısı Aparatının əməkdaşı Kürdoğlu Abbasov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Vüqar Xəlilov, Xanqərvənd kənd məscidi dini icmasının sədri Rəsul Həşimov, həmçinin məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Sentyabrın 18-də Göyçay şəhəri Elton Əkbərov adına 2 nömrəli tam orta məktəbdə “Dövlət suverenliyi – milli və dini həmrəylik kontekstində” adlı mövzusunda baş tutan tədbirdə isə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdir müavini Əzim Rəfiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir zamanı Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Dövlət Suverenliyi Gününün tarixi əhəmiyyəti və suverenlik anlayışının Azərbaycan tarixindəki yeri barədə məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr tarixinin Dövlət Suverenliyi Günü kimi qeyd olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən uğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi və dövlət suverenliyi işğaldan azad olunmuş bütün ərazilərdə bərpa olunub.



