Bölgələrdə 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbirlər keçirilib
44 günlük Vətən müharibəsi və bu müharibədə əldə edilmiş Zəfər münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininin (DQİDK) regional bölmələri və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə silsilə tədbirlər həyata keçirilməkdədir.
Oktyabrın 16-da Xaçmaz şəhərində “Dəmir yumruq: güclü lider, rəşadətli ordu və xalq birliyinin təcəssümü” mövzusunda tədbir baş tutub. Tədbirdə DQİDK-nın Quba–Xaçmaz regional bölməsinin baş məsləhətçisi Fərid Məmmədov, Xaçmaz rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Nizami Mustafayev və gənclər iştirak ediblər.
Oktyabrın 16-da Salyan şəhəri 4 saylı tam orta məktəbində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Sevinc Səmədova, Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, müəllimlər, din xadimləri və gənclər iştirak ediblər.
Öncə şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən və antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən danışılıb, bu qələbənin tarixə qızıl hərflərlə yazıldığı bildirilib. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələrinin, eləcə də qazilərin və veteranların dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb. Həmçinin bu istiqamətdə həyata keçirilən tədbirlərin dövlət siyasətində prioritet təşkil etdiyi diqqətə çatdırılıb.



