Bölgələrdə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbirlər keçirilib
İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Yevlax Rayon 6-cı Hərbi Polis bölməsinin birgə təşkilatçılığı ilə Yevlax rayonu Heydər Əliyev Mərkəzində “15 İyun - Milli Qurtuluş Günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Valeh Rəşidov, Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax rayon 6-cı Hərbi Polis bölməsinin Qərargah rəisi Təbriz Qurbanov və bölmənin əməkdaşları iştirak edib.
Tədbirdən əvvəl Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev və 6-cı Hərbi Polis bölməsinin Qərargah rəisi Təbriz Qurbanov Ümumilli lider Heydər Əliyevin Yevlax rayon mərkəzində yerləşən abidəsinin önünə gül dəstələri qoyublar. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, 1993-cü il iyunun 15-i xalqımız üçün qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümumilli Lider Heydər Əliyevdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır.
Tədbir iştirakçılarına Ümumilli Lider Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən sərgi və video nümayiş olunub.
***
İyunun 12-də Göyçay şəhər "Mərkəz" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "15 İyun-Milli Qurtuluş Günü " ilə bağlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşları, Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonunda fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bu əlamətdar günün Azərbaycan tarixindəki önəmli rolundan bəhs edərək Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskarlıq missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisə olduğunu qeyd ediblər.
***
İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Zərdab rayonu Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş “Milli Qurtuluş günü: Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxışlar zamanı qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev xalqın mili nailiyyət simvoluna çevrilmiş tarixi şəxsiyyətdir. Onu rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı Azərbaycan dövlətidir. Həmçinin çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkədə qüdrətli dövlətin, güclü xalqın və möhtəşəm inkişafın təmin edilməsinə yönələn təkmil konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən Prezident İlham Əliyev lider əzmi ilə xalq qarşısında verdiyi vədləri əməli işi ilə doğruldaraq daim insanların sevgisini və etimadını qazanır.
***
İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi, Gənclər Evi, şəhər 2 saylı ASAN Xidmət Mərkəzi və Ombudsmanın Qərb Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev və milli dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbənin müdir müavini Elmar Fətəliyev, Gənclər Evinin direktoru Amil Qurbanov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, 2 saylı ASAN Xidmət Mərkəzinin müdiri Fərid Yaqubov və fəal gənclər iştirak ediblər.
Çıxışlar zamanı Heydər Əliyevin dövlət və xalq qarşısında xidmətlərinin hər bir azərbaycanlı üçün, xüsusən də gənclər üçün örnək olması fikiri səsləndirilib. Milli Qurtuluş günü münasibətilə gənclərlə keçirilən görüşdə Ulu Öndərin 1993-cü ilin 15 iyununda hakimiyyətə gəlişi ilə ölkənin bəlalardan xilas olmasından, həmin dövrdə hökm sürən milli zəmində qarşıdurmaya, ölkədəki xaosa son qoymasından bəhs edilib. Gənclərin vətənpərvər ruhda böyüməsində Ümummilli Liderin siyasətinin əvəzsiz rolundan da danışılıb.
Qurtuluş Gününə həsr edilən tədbirin sonunda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi nümayiş etdirilib.






