Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.06.2023 / Bölgə xəbərləri

Bölgələrdə “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbirlər keçirilib

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İmamzadə” dini kompleksində “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar seminar keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Anar Orucov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri haqqında ətraflı danışılıb. Bildirilib ki, 1993-cü il iyunun 15-də Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.

Sonda DQİDK tərəfindən hazırlanmış  “Müstəqilliyimiz tarixi nemətimizdir” filmi nümayiş olunub.

***

İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar “Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev və milli dəyərlərimiz” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də rəsmi din xadimləri və dini icma sədrləri iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən geniş bəhs olunub, dahi şəxsiyyətin milli-dini dəyərlərimizə daim hörmət və qayğı ilə yanaşdığı vurğulanıb.

Daha sonra Ümumilli Liderin həyat və fəaliyyəti ilə əlaqədar Heydər Əliyev Mərkəzində yerləşən eksponat və stendlərə baxış keçirilib, Ulu Öndərin Goranboy rayonuna səfəri ilə bağlı videoçarx izlənilib.

***

İyunun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Turizm Kollecinin birgə təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyin xilaskarı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mingəçevir Turizm kollecinin direktoru Kamal Əhmədov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Dövlət Universitetinin dosenti Asim Məmmədov, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Kamal Əhmədov Azərbaycanın ən yeni tarixində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Tədbirdə “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov  bildirib ki, xalqımızın milli-mənəvi dəyərlərini qorumaq və inkişaf etdirmək, eyni zamanda, müasir dünyanın elmi-texniki tərəqqisi ilə ayaqlaşa bilən, mənəvi köklərinə bağlı gənc nəslin yetişdirilməsinə, hüquqi, dünyəvi, demokratik və unitar dövlət sisteminə zəmin yaradan, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid cəmiyyət üçün uğurlu bünövrədir. 

Mövzu ətrafında çıxış edən natiqlər həmçinin, Ümummilli Liderin milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-dövlət quruculuğu prosesinin mühüm atributu hesab etdiyini vurğulayıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat yolu barədə videoçarx nümayiş olunub.

***

İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda seminar keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, Quba rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Saməddin Nəsirov, Quba rayon Ağsaqqallar şurasının sədri İldırım Məmmədov, ziyalılar, mədəniyyət sahəsinin əməkdaşları, təhsil işçiləri, din xadimləri, gənclər iştirak edib.

Milli Qurtuluş Gününə həsr edilmiş seminarda çıxışlar zamanı bildirilib ki, Heydər Əliyevin adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı dövrdə möhtəşəmliyi və əzəməti ilə fərqlənən bir şəxsiyyət olub. Seminarda qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri, dini etiqad azadlığının qorunması sahəsində atılan mühüm addımlar öz bəhrəsini verir və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Daha sonra mövzu ətrafında iştirakçıların məruzə və fikirləri dinlənilib.