Beyləqanda “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə olunub
Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Beyləqan rayon peşə məktəbinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı, peşə məktəbinin direktoru Nazim Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Abdullayev, “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Məhəmməd Sadıqov, müəllimlər və tələbələr iştirak ediblər.
Çıxışlarda məktəblilərə narkomaniya, onun törətdiyi fəsadlar və bununla bağlı ölkəmizdə aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verilib. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılaraq bildirilib ki, sağlam cəmiyyətimiz üçün belə zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Tədbirdə vurğulanıb ki, gənclərimizin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasında onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi çox vacibdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


