Beyləqanda maarifləndirmə tədbiri keçirilib
Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Beyləqan rayonu Peşə məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalət oğlu, Atakişi Məhərrəmli, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev, RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq Məmmədov, eyni zamanda Peşə məktəbinin müəllimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Aprel döyüşləri zamanı şəhid olmuş, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev açaraq ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi, onların zərərli vərdişlərdən, dini radikalizmdən qorunması sahəsində mühüm tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsinin, elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
DQİDK - nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu öz çıxışında radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili barədə danışıb.
DQİDK- nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli isə narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizənin vacibliyinə toxunub, bu işdə müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi qeyd edib.
Rayon İcra Hakimiyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Tofiq Məmmədov çıxış edərək erkən nikahın fəsadlarını diqqətə çatdırıb.
Beyləqan rayon Peşə məktəbinin psixolqu Çinarə Hacıyeva bu cür maarifləndirici tədbirlərin yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, onların dini radikalizmdən və zərərli vərdişlərdən qorunmasında mühüm əhəmiyyəti olduğunu bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

