Beyləqanda maarifləndirmə tədbiri keçirilib
Fevralın 25-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanan Tədbirlər Planına əsasən DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin və Beyləqan rayon “N” saylı hərbi hissənin birgə təşkilatçlığı ilə Beyləqan rayonundakı "N" saylı hərbi hissədə tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Bəhrəm Ədalət oğlu, Beyləqan rayon “N” saylı hərbi hissənin zabiti Zakir Hüseynov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, eləcə də hərbi qulluqçular iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra tədbiri giriş sözü ilə açan hərbi hissənin zabiti Zakir Hüseynov çıxış edərək, bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır.
Daha sonra DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalət oğlu çıxış edərək, xalqımızın əsrlərboyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirlərdən danışıb.
Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov İslam dinində şəhidlik, Vətən anlayışı, dinimizin Vətən uğrunda mübarizəyə verdiyi dəyər barədə iştirakçılara ətraflı məlumat verib.
Beyləqan rayonu "N" saylı hərbi hissənin zabiti Şöhrət Əhmədov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, qarşısının alınması baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.