Bərdədə “Sağlam ailənin sirləri: sevgi, hörmət və dəstək” mövzusunda tədbir keçirilib
Avqustun 20-də Bərdə "ASAN xidmət" mərkəzində “Sağlam ailənin sirləri: sevgi, hörmət və dəstək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə Rayon İcra Hakimiyyəti, Bərdə "ASAN xidmət" mərkəzi və rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, İcra Hakimiyyəti başçısı Aparatını İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, Rayon Qeydiyyat Şöbəsinin rəisi Məftunə Əfəndiyeva, Bərdə "ASAN xidmət" mərkəzinin direktoru İlahə Quliyeva, eləcə də gənclər iştirak ediblər.
Çıxışlar zamanı ailə institutunun cəmiyyətdəki rolu, sağlam münasibətlərin qurulmasında qarşılıqlı hörmət, sevgi və psixoloji dəstəyin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, ailə təkcə şəxsi münasibətlər müstəvisi deyil, həm də cəmiyyətin təməlidir. Sağlam ailələr sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, ailədaxili münaqişələrin qarşısının alınmasında, mühüm rol oynayan amillərdən biri ailə münasibətlərində hüquqi savadlılıq, qarşılıqlı məsuliyyət və qanunvericiliyin tələblərinə əməl olunmasıdır.

