Bərdədə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Sentyabrın 24-də 27 Sentyabr – Anım Günü münasibətilə Bərdə şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman sektoru və adıçəkilən məktəbin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə RİH-nin şöbə müdiri Samir Səfərov, Rayon Gənclər və İdman sektorunun müdiri Aydın Qasımov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynov, din xadimləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vurğulanıb ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz əzm və iradə nümayiş etdirərək işğalçılara sarsıdıcı zərbələr endirib.
Tədbir müzakirələrlə davam etdirilib.


