Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.08.2024 / Bölgə xəbərləri

Balakəndə “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda seminar keçirilib

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Balakən Rayon İcra Hakimiyyəti  və Balakən rayonu Gənclər evi sosial xidmət müəssisəsinin  birgə təşkilatçılığı ilə Balakən rayonu Gənclər evində “Sülh aylığı: dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda seminar keçirilib.

Seminarda “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edilib. 1981-ci ildən etibarən hər il qeyd olunan 21 sentyabr - Beynəlxalq Sülh Gününün məqsədinin əhalinin müxtəlif qrupları arasında sülh və dözümlülük mədəniyyətinin, hüquq düşüncəsinin inkişafına, təbliğinə xidmət etmək olduğu bildirilib. Sülhün, əmin-amanlığın qarşısında duran ən böyük təhlükələrdən birinin məhz dini radikalizm və ekstremizm olduğu, bunun isə vətəndaş cəmiyyəti və demokratik dövlət üçün təhlükə mənbəyi hesab edildiyi vurğulanıb. İslam dininin sülh, qardaşlıq dini olduğu, bu dinin məqsədinin isə insanlar arasında olan ən gözəl münasibətləri təbliğ etdiyi qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, bu gün ölkəmizdə dini sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir, hər bir din nümayəndəsi eyni hüquqlara malikdir.  

Tədbir diskusiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.