Balakəndə radikal ideologiyalara qarşı mübarizədə maarifləndirmənin rolu müzakirə olunub
İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə YAP Balakən rayon təşkilatının inzibati binasında “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev və bölmənin məsləhətçisi Ruslan Əfəndiyev, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən rayon qazısı İbrahim İbrahimov, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, Balakən rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, “Gənclər evi” sosial xidmət müəssisəsinin nümayəndələri, ictimaiyyət və gənclər iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlar zamanı radikal dini cərəyanların mahiyyəti, onların törətdiyi fəsadlar və onlara qarşı mübarizə yolları haqqında iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik kursu bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkənin dini-mənəvi dəyərlərinin qorunması istiqamətində bütün imkanlar səfərbər olunub.
Natiqlər dini fanatizm, radikalizm, ekstremizm, xurafat və məzhəbçilik kimi təhlükəli meyillərlə mübarizədə cəmiyyətin hər bir üzvünün, xüsusilə də gənclərin fəal iştirakı və maarifləndirilməsi zərurətini də vurğulayıblar.
Tədbirin sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Oxu” sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




