Balakəndə Qurban bayramı münasibətilə tədbir keçirilib
İyunun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Balakən rayon Qazılığının birgə təşkilatçılığı ilə Qurban bayramı öncəsi qarşıda duran vəzifələrə dair tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, QMİ-nin Balakən rayonu üzrə qazısı İbrahim İbrahimov, rayonun dini icma sədrləri və din xadimləri iştirak edib.
Tədbirdə iyunun 22-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətva oxunaraq iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Qurban bayramı öncəsi qarşıda duran vəzifələr sadalanaraq, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməz olduğu vurğulanıb. Din xadimlərinə dini radikalizm və xurafatla daha ciddi şəkildə mübarizə aparılması, mənəvi dəyərlərimizin daha fəal şəkildə təbliği, dini maarifləndirmə işinin gücləndirilməsi tapşırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
