Balakəndə maarifləndirmə tədbiri keçirilib
Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Balakən rayonu 1 nömrəli Peşə məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda konfrans keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmə qarşı mübarizənin aparılması məqsədilə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edilib. Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.