Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2017 / Bölgə xəbərləri

Balakəndə dini maarifləndirmə tədbiri keçirilib

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Katex kəndi “Mərkəzi” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam dini xurafata və mövhumata qarşıdır” layihəsi çərçivəsində “Sağlam dini biliklərə malik olmaq və İslamı düzgün təmsil etməyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Balakən rayonunun Katex kəndində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayon qazısı İbrahim İbrahimov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Ramazan Babayev dini icmalara göstərdiyi qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, layihənin keçirilməsi üçün göstərdiyi köməyə görə Dini Qurumlarla İş üz Dövlət Komitəsinə və rayon rəhbərliyinə öz təşəkkürünü bildirib. O, eyni zamanda layihənin mahiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev vurğulayıb ki, dinimizi düzgün təmsil etmək üçün sağlam dini biliklərə malik olmaq vacibdir. Əks halda, İslam dininin əsas prinsiplərinə zidd davranışlar nümayiş etdirilməsi vətəndaşlarımızın milli və dini kimliyinə xələl gətirir. Bunun üçün dini bilikləri sağlam mənbələrdən əldə etməli, düzgün dini ədəbiyyatdan istifadə olunmalıdır.
Tədbirdə çıxış edən QMİ-nin Balakən rayon qazısı İbrahim İbrahimov bildirib ki, dinimizə siraət etmiş mövhumat və xurafat müsəlmanları İslamı layiqincə təmsil etməkdən məhrum edir. Bu da öz növbəsində dini zəmində bölünməyə, məzhəbçilik və təriqətçilik təəssübkeşliyinə aparır.
Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov milli və dini dəyərlərimizin təhrif olunmasının qarşısının alınması, xurafat və mövhumata qarşı mübarizədə təhsilin əhəmiyyətindən danışıb, vurğulayıb ki, cəmiyyətdə mövcud olan bu cür problemlərin əsas səbəbi insanların dünyagörüşünün zəif olmasıdır.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.