Balakəndə “9 Noyabr - Dövlət Bayrağı Günüdür” mövzusunda tədbir keçirilib
Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsi, Balakən Rayon İcra Hakimiyyəti və rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə M.Müşfiq adına Gərəkli kənd tam orta məktəbində “9 Noyabr - Dövlət Bayrağı Günüdür” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, gənclər, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qeyd olunub ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Bildirilib ki, Azərbaycanın dövlət bayrağı 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb.
Tədbir müzakirələrlə davam etdirilib.


