Balakən və Qax rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala Regional İdarəsinin Balakən şöbəsinin birgə təşkilatçılığı ilə Balakən şəhəri Nəsimi adına 2 saylı tam orta məktəbdə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Ruslan Əfəndiyev, Balakən RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Şamil Nuriyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki-Zaqatala Regional İdarəsinin Balakən şöbəsinin koordinatoru Şahin Qarakişiyev, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirin əvvəlində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan xalqının Zəfər çaldığı 44 günlük Vətən müharibəsinin üçüncü il dönümünə həsr olunmuş tədbirdə Müzəffər Ali Baş Komandanın, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə qazanılan böyük qələbədən bəhs edilib. Ordumuzun qələbə əzminin bu gün də Qarabağda keçirilən antiterror əməliyyatı zamanı yüksək səviyyədə olduğu və bunun əsas səbəbinin də nümayiş etdirilən milli birlik, dini həmrəylik olduğu vurğulanıb. Qeyd edilib ki, milliyətindən, dinindən, dilindən asılı olmayaraq Vətən bu torpaqda yaşayan hər kəs üçün əzizdir. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alması və bunu gələcək nəsillərə ötürməsi olduqca vacibdir.
***
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Qax Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Qax rayon İlisu kənd tam orta məktəbində Sülh aylığı çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Şəki-Zaqatala regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektorunun rəhbəri Elvin Həsilov, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Şəki-Zaqatala regional nümayəndəliyinin layihə üzrə mütəxəssisi Elmir Həşimli, müəllim və şagirdlər iştirak edib.
Çıxışlar zamanı mövzunun aktuallığı və əhəmiyyəti barədə danışılıb, dünyada sülhün qorunmasında dini tolerantlığın və birgəyaşayış prinsiplərinin önəmi haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Azərbaycan Respublikasının dünyəvi dövlət olması və ölkəmizin dini tolerantlığın inkişafı üçün atdığı addımlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əsas məqsədlərindən biri məhz dünyada sülhü və ədaləti bərqərar etməkdir.


