Bakının Xətai rayonunda maarifləndirmə tədbiri keçirilib
Martın 4-də Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə 265 nömrəli tam orta məktəbdə “Ailə dəyərləri və erkən nikah” mövzusunda tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları - Elşən Quluzadə və Fərid Novruzov, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını tam və dolğun şəkildə qoruyub saxlayır. Bildirilib ki, hər bir xalqın mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə və ailə dəyərlərinə bağlılığından asılıdır. Diqqətə çatdırılıb ki, Ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə, inkişaf etməsinə zəmin yaradır.
Tədbir müzakirələrlə davam etdirilib.



