Bakıda vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib
Martın 5-də Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında birgə imzalanan Tədbirlər Planına əsasən Hərbi Polis İdarəsinin I bölməsində “Vətənpərvərlik, Vətəni müdafiə və dini radikalizm, ekstremizm meyillərinin qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Hərbi Polis İdarəsinin I bölməsinin qərargah rəisinin köməkçisi Rauf Eminli, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları - Rəşadət Hidayətov və Nuru İmanov, eləcə də şəxsi heyət iştirak edib.
Çıxışlarda vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


