Bakıda “Vətənpərvərlik: milli-mənəvi dəyərlər kimi” mövzusunda konfrans keçirilib
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Bakıda “Vətənpərvərlik: milli-mənəvi dəyərlər kimi” mövzusunda konfrans keçirilib.
Ziyalılar, din xadimləri və gənclərin iştirak etdikləri tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı hər bir azərbaycanlının qəlbində Vətən sevgisi olduğunu diqqətə çatdıraraq bildirib ki, xalqımız hər zaman öz keçmişinə, adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı olub. Vətənpərvərliyin böyük məhfum olduğunu qeyd edən DQİDK sədrinin birinci müavini vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə önəm verilməlidir.
Birinci Qarabağ müharibəsi və Vətən müharibəsindən də danışan S.Salahlı deyib ki, döyüşlərdə Azərbaycan oğullarının göstərdikləri sücaət və qəhrəmanlıq xalqmızın, xüsusilə gənclərimizin vətənpərvərliyinin bariz nümunəsidir: “Ali Baş Komandan, möhətərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə bağlı, qəhrəman millət kimi tanıtdı. Hər bir soydaşımız qürur hissi keçirir ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır”.
Vətən müharibəsindəki qələbəmizdə xalqımızın milli-mənəvi dəyərlərinin roluna toxunan S.Salahlı bildirib ki, 44 günlük müharibədə birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar.
Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev vurğulayıb ki, bu gün Şuşada üçrəngli bayrağımızın dalğalanması ilə yanaşı, azan səsi də eşidilir. “Vətənpərvərlik duyğusu gələcəyimizin təminatıdır” - deyən C. Əliyev bildirib ki, şanlı Ordumuzun əldə etdiyi qələbə sayəsində azad olunan torpaqlarda dini ibadət yerlərinin tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin milli-mənəvi, o cümlədən dini dəyərlərimizə həssas münasibətinin göstəricisidir.
Bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə müdiri, şair Dayandur Sevgin və başqaları vurğulayıblar ki, hər bir xalqın mövcudluğunun əsas göstəricisi onun milli-mənəvi dəyərləridir və bu dəyərlər bizim tariximiz, ədəbiyyatımız, incəsənətimiz, dilimiz, adət-ənənəmizdir. Milli-mənəvi dəyərlər xalq yaradıcılığında, ədəbiyyatda təşəkkül tapıb inkişaf etdirilən və nəsildən-nəslə ötürülərək bu günümüzün mədəni tərəqqisində əhəmiyyət daşıyan keyfiyyətlərdəndir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Vətən naminə” sənədli filmi nümayiş olunub.