Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2026 / Bölgə xəbərləri

Bakıda və regionlarda müxtəlf mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib

Noyabrın 17-də Goranboy rayonunda “Korrupsiya ilə mübarizədə mənəvi tarazlıq və dini dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Vüsal Hüseynli, rayonun Safıkürd və Tatarlı kənd məscidi dini icmasının sədri Elnur Cəfərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai–siyasi və humanitar məsələlər sektorunun müdiri Şəmsi Ziyadov, müəllimlər və şagirdlər iştirak ediblər.
Noyabrın 24-də Şamaxı şəhəri “Cümə” məscidində “Qarabağ zəfəri – mənəvi ucalıq və milli qürur” mövzusunda keçirilən maarifləndirici tədbirə isə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin müdiri Elnur Mehdiyev, bölmənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, Şamaxı və Qobustan rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icmaların nümayəndələri qatılıblar.
Noyabrın 24-də Oğuz rayonu Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində” mövzusunda tədbir baş tutub. Tədbirə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Nicat Kərimov, eləcə də müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.
Noyabrın 25-də Bakı şəhəri Nizami rayonundakı 109 nömrəli tam orta məktəbdə isə “Təhsilin milli-mənəvi dəyərlərin və ideoloji təhlükəsizliyin qorunmasında rolu” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşı Nuru İmanov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Noyabrın 25-də Quba rayonunda yerləşən Daxili Qoşunların "N" saylı hərbi hissəsində “Vətənə xidmət – iman və mənəviyyat nümunəsi” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, "N" saylı hərbi hissənin komandiri Ramil İsmayılov, din xadimi İlkin Qayıbov, eləcə də zabit, gizir və əsgər heyəti qatılıb.

Noyabrın 25-də Hacıqabulda yerləşən Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Səbr, inam və vətənpərvərlik: mənəvi güc mənbəyi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri Sənan Xəlilov, hərbi hissə komandirinin müavini polkovnik-leytenant Ağacan Zərbəliyev, zabit və əsgərlər iştirak ediblər.
Noyabrın 26-da isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə “Dinin təhrif olunmasının nəticələri: fanatizm və radikalizm” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdir müavini Elmar Fətəliyev, “İmamzadə ziyarətgah” məscidinin imamı İlham Abbasov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
Çıxışlarda mövzularla bağlı ətraflı məlumat verilərək vurğulanıb ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və multikulturalizm mühitinin, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Natiqlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və ideoloji təhlükəsizliyin təmin edilməsində təhsilin həlledici rolunu xüsusi qeyd ediblər. Diqqətə çatdırılıb ki, formasından asılı olmayaraq, fanatizm və radikalizmin mahiyyətində dayanan əsas ideya öz məqsədinə çatmaq naminə başqalarının hüquqlarını pozmaqdır. Sonda müasir dövrdə dini radikalizm, ekstremizm hallarına qarşı mübarizədə ən təsirli vasitənin məhz sistemli maarifləndirmə olduğu vurğulanıb. Eyni zamanda bu istiqamətdə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətinin vacibliyi önə çəkilib.