Bakıda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib
Sentyabrın 25-də Nəsimi Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin birgə təşkilatçılığı ilə İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xalqa müraciətində söylədiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” sözlərinin hər bir azərbaycanlını böyük Zəfərə ruhlandıran şüara çevrildiyini vurğulayıblar. Eyni zamanda Azərbaycan xalqının Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsinin, dövlət, xalq və ordu birliyinin bizim haqq savaşımızdakı qələbəmizi təmin etdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyulması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlaması nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edilib. Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan xalqının birliyinin təntənəsini əks etdirir. Azərbaycanın ərazi bütövlüyü naminə canından keçmiş bütün Vətən övladlarının xatirəsi daim hörmət və ehtiramla yad edilir.