Azərbaycanda Pesax bayramı qeyd olunur
Respublikamızda yəhudilərin azadlıq və bahar mənasını verən Pesax bayramı qeyd olunur.
Gəncədə baş tutan bayram tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavini Faiq Əsgərov, Dağ Yəhudilərinə Dəstək Xeyriyyə Fondunun prezidenti Davıdov Şaul Mixayloviç, YAP şəhər təşkilatının sədr əvəzi Nürəddin İbrahimov, Gəncə şəhər Yəhudi dini icmasının sədri Arif Babayev və icma üzvləri iştirak ediblər.
Daha bir tədbir isə Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə qeyd olunub. Tədbirdə DQİDK-nın məsul əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda Pesax bayramı və dağ yəhudilərinin Quba ərazisində məskunlaşmasının tarixi, eləcə də bayram adət-ənənələri haqqında məlumat verilib. Pesaxın yəhudilərin ən sevilən bayramlarından biri olduğu qeyd edilib. Bildirilib ki, Azərbaycanda milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşılır. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb. Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunur.
Pesax bayramı aprelin 13-dək davam edəcək.




