Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2026 / Bölgə xəbərləri

Azərbaycanda Pasxa bayramı qeyd edilib

Aprelin 12-də Azərbaycanda xristianların ən vacib dini bayramlardan biri - Pasxa qeyd edilib. Şənbə günündən bazar gününə keçən gecə Bakıda və ölkənin digər bölgələrindəki (Gəncə şəhəri, Lənkəran, Xaçmaz, İsmayıllı, Qəbələ, Qax və Qobustan rayonları) pravoslav kilsələrində Pasxa ayinləri keçirilib.

Təşkil olunan bayram mərasimlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, şəhər və rayon icra hakimiyyətlərinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Pasxa xristianlıqda ən qədim və əhəmiyyətli bayramlardan biridir və İsa Məsihin dirilməsinin sevincini simvolizə edir. Ənənəvi olaraq, bayramdan əvvəlki son cümə axşamı möminlər kuliç bişirir, axşam isə pasxa hazırlayırlar. Şənbə günü bu şirniyyatlar xeyir-dua üçün kilsəyə gətirilir, şənbə günündən bazar gününə keçən gecə isə onlar xaç yürüşündə - Pasxa bayramının başlanğıcını və Məsihin dirilməsi bayramını qeyd edən bir mərasimdə iştirak edirlər. Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir. Pasxa münasibətilə Bakı şəhərindəki pravoslav kilsələri, Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsi, Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” kilsəsi, Qəbələnin Nic kəndindəki Cotari alban kilsəsi, eləcə də İsmayıllının İvanovka və Qobustanın Xilmilli kəndlərində fəaliyyət göstərən molokan-ruhani xristian icmalarının ibadət evlərində, eləcə də Lənkəran şəhərindəki dua evində dini ayinlər təşkil olunub. Eyni zamanda, Qax rayonu "Müqəddəs Giorgi" kilsəsində gürcü pravoslav xristian dini icması tərəfindən Pasxa bayramı keçirilib. Tədbirdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Gəncə şəhərindəki  baş konsulu Kaxaber Abdaladze iştirak ediblər.

Tədbirlər ölkədə dini müxtəlifliyin və tolerantlıq ənənələrinin qorunduğunu, fərqli icmaların sərbəst şəkildə öz dini bayramlarını qeyd etdiyini bir daha nümayiş etdirib.