Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.04.2023 / Bölgə xəbərləri

Azərbaycan pravoslavları Pasxa bayramını qeyd ediblər

Azərbaycanda yaşayan pravoslavlar əsas xristian bayramlarından olan Pasxanı qeyd ediblər.

Ölkənin bütün pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib.

Bayram ibadəti gecəyarısı – şənbə günündən bazara keçən gecə Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində başlayıb. İbadətə gələnlər müqəddəs dini nəğmələrə qulaq asıb, şamlar düzüblər. Bayram ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristianları icmasına təbrik ünvanlayıb. Dövlət başçısı qeyd edib ki, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılıb. “Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”, - deyə müraciətdə bildirilir.

Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 16-da qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.

***

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilib. Qərb bölgəsində yaşayan pravoslavlar ötən gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd ediblər. Mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri də iştirak ediblər. Bu gün səhər bayram münasibətilə icra edilən ayinlərdən öncə Prezident İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar edilib. Daha sonra Pasxa bayramında vacib sayılan bir sıra dini ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Nevski Rus Pravoslav Kilsəsinə bayram sovqatı göndərilib.

***

İmişlidə Pasxa bayramı ilə əlaqədar rus icmasının nümayəndələri ilə görüş keçirilib. Görüş Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında gerçəkləşib. Görüşün sonunda rus icmasının nümayəndələrinə bayram sovqatı hədiyyə olunub.

 

(AZƏRTAC)