Astarada “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir olub
Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Astara Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Astara Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Astara şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri vəzifəsini icra edən Qağayı Məmmədov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, rayonun dini icma sədrləri və din xadimləri iştirak edib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxışlar zamanı 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun parlaq qələbə qazanaraq Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarıldığı qeyd edilib. Qazanılan qələbədə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin mühüm rolu diqqətə çatdırılaraq yeniyetmə və gənclər arasında dəyərlərimizin təbliğinin vacibliyi vurğulanıb. Ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin, tolerant və multikultural ənənələrin xalqımızın həyat tərzini təşkil etdiyinə diqqət çəkilib.
Sonda mövzu ətrafında çıxışlar edilib.



