Astarada narkomanlığa qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Astara Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə dini və milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Astara Mərkəzi Kitabxanasında baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Səyyad Babakişiyev, Famil Talıbov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, rayonun dini icma sədrləri və din xadimləri iştirak edib.
Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində ölkəmizdə, o cümlədən Astara rayonunda görülən işlərdən, bu sahədə qarşıda duran vəzifələrdən danışıblar.
Çıxışlarda, həmçinin gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının zəruriliyi vurğulanıb, onların milli-mənəvi dəyərlərimizə uyğun şəkildə tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.


