Astarada maarifləndirmə tədbiri keçirilib
Yanvarın 23-də Astara rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, Astara Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, bölmənin əməkdaşları, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin qovuşduğu unikal məkan olduğu qeyd edilib. Vətən Müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.

