Astarada maarifləndirmə tədbiri keçirilib
Fevralın 28-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyəti vurğulanıb. Ölkəmizdə dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizə sahəsində görülən işlərdən danışılıb. Bu istiqamətdə dini icmalar və din xadimlərinin üzərinə düşən vəzifələr müzakirə edilib.