Astarada “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir təşkil olunub
İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Astara şəhəri Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Emin Həmidli, Famil Talıbov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verilib, ölkəmizdə bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr diqqətə çatdırılıb. Natiqlər 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında olan maddələrin üçdəbirinin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Tədbirdə, həmçinin Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, nümunəvi birgəyaşayış modeli barədə danışılıb. Yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə və insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə olunmasının əhəmiyyəti xüsusi qeyd olunub.

